Tarot kartları və mənaları


Tarot kartları və onların mənaları haqqında danışmazdan əvvəl demək lazımdır ki, tarot təkcə gələcəyi “göstərən” bir vasitə deyil, həm də insanın özü ilə daha dərin bağ qurmasına kömək edən intuitiv bir sistemdir. Bu kartlarla işləməyə başlamazdan əvvəl onların enerjisini hiss etmək və özünüzlə uyğunlaşdırmaq çox önəmlidir. Çünki tarotla qurulan əlaqə sadəcə simvolları əzbərləməkdən yox, şəxsi hiss və təcrübədən formalaşır. Bu bloqda tarot kartları ilə necə bağ qurmağın yollarından, gündəlik praktikaların əhəmiyyətindən və kartlarla daha intuitiv işləmək üçün sadə üsullardan danışacağıq.

Tarot kart dəstəsi ilə tanışlıq

Tarot kartları 78 kartdan ibarətdir. Bu 78 kart iki hissəyə bölünür: Böyük Arkana (22 kart) və Kiçik Arkana (56 kart). Kiçik Arkana isə dörd suitə bölünür — Kuboklar, Pentakllar, Qılınclar və Əsa/Çubuqlar (hər biri 14 kartdan ibarətdir).

Böyük Arkana kartları həyatdakı böyük və ümumi dərsləri, karmatik təsirləri və həyatınıza yön verən əsas mövzuları təmsil edir. Bu kartların mənaları çox vaxt dərin və kompleks olur. Onlar sizə təsir edən, həm müsbət, həm də mənfi ola bilən güclü enerjiləri və təsirləri göstərir və bunlardan xəbərdar olmağınız vacibdir.

Kiçik Arkana isə As, 2-dən 10-a qədər olan kartlar, həmçinin Şəhzadə, Cəngavər, Kraliça və Kral kartlarından ibarətdir. Hər suit həyatın müəyyən bir sahəsi ilə əlaqəlidir. Bu mənaları izah etməyin müxtəlif yolları olsa da, hamısı oxşar əsas xətt üzrə birləşir.

Fal kartlarının mənası və simvolizm (4 suit – çubuqlar, kuboklar, qılınclar, pentakllar)

Kiçik Arkanada kartlar 4 suitə bölünür: Çubuqlar, Kuboklar, Qılınclar və Pentakllar.

Çubuqlar od elementinə aiddir və hərəkəti, kreativliyi, ilhamı və həyəcanı göstərir.
Kuboklar su elementini təmsil edir və emosiyalar, münasibətlər və intuisiya ilə bağlıdır.
Qılınclar hava elementidir və düşüncə, məntiq və kommunikasiya ilə əlaqəlidir.
Pentakllar torpaq elementidir və həyatın maddi tərəfini, iş, sağlamlıq və sabitliyi ifadə edir.

Kiçik Arkanadakı kartlar bu suitlər üzrə bölünür:

As – yeni başlanğıcları göstərir. Məsələn, Çubuq Ası yeni kreativ enerji və ilhamı, Kubok Ası isə yeni bir emosional başlanğıcı və ya münasibəti ifadə edə bilər.

2 – ikilik, seçim arasında qalmaq və ya balansı göstərir.
3 – inkişaf, dostluq, sevinc və kollektivliyi ifadə edir.
4 – sabitlik, dayanma və ya müvəqqəti pauza deməkdir.
5 – çətinlik, konflikt və dəyişkən dövrləri göstərir.
6 – harmoniya, irəliləyiş və çətinliklərdən çıxışı bildirir.
7 – mübarizə, mövqeni qoruma və uzunmüddətli planlar üzərində işləməyi ifadə edir.
8 – sürətli dəyişiklik, hərəkət və istiqamət dəyişikliyini göstərir.
9 – tamamlanmaya yaxınlaşma, nəticəyə doğru getmə deməkdir.
10 – bir dövrün tamamlanması və sonlanmanı ifadə edir.

Şahzadə – yeni başlanğıclar enerjisini ifadə edir.
Cəngavər – məqsədə doğru aktiv hərəkəti və irəliləyişi göstərir.
Kraliça – daxili güc, yetkinlik və intuisiya ilə bağlıdır.
Kral – liderlik, idarəetmə və daha xarici gücü ifadə edir

Tarot kartları ilə ilk əlaqəni necə qurmalı (yeni başlayanlar üçün)

Tarot kartları ilə məşğul olmazdan əvvəl, öz enerjimizi kartlara yönəltmək və onlarla bağ qurmaq vacibdir. Bunun ən sadə yolu kartlarla vaxt keçirmək, beləliklə şəxsi və intuitiv bir əlaqə yaratmaqdır. Gündəlik olaraq kart çəkmək, dəstəni yatarkən yastığın altına qoymaq bu bağı gücləndirir. Həmçinin, dəstənin xarakterini anlamaq üçün “dəstə ilə müsahibə açılımı” etmək də effektiv üsullardandır.

Tarot kartları barədə az bilinən faktlar

1.Tarot kartları ilk dövrlərdə fal məqsədi ilə yox, nağıl danışma və kart oyunları üçün istifadə edilən dəstə kimi ortaya çıxmışdır.

2.Tarot kartları ilə bağlı yayılan yanlış inanclardan biri də onların yalnız hədiyyə edilməli və hətta oğurlanaraq alınmalı olduğu fikridir. Kartları əldə etmək üçün belə bir qayda yoxdur. Əksinə, başqasının kartını icazəsiz istifadə etmək düzgün sayılmır və hər bir insanın öz enerjisi ilə işlədiyi dəstə daha uyğundur.

3.Tarot kartları ilə orakul kartları eyni deyil. Tarot sabit struktur və dəyişməz mənalara sahib bir sistemdir, cavablar isə daha çox simvolik və fəlsəfi xarakter daşıyır. Orakul kartları isə daha sərbəstdir, müxtəlif növləri var və çox vaxt daha birbaşa və aydın mesajlar vermək üçün istifadə olunur.

4.Tarot kartlarının hər biri özünəməxsus mənaya və enerjiyə malikdir. Bu səbəbdən rituallarda və ya vizualizasiya proseslərində fokuslanmaq üçün güclü bir vasitə kimi istifadə edilə bilər, simvolizmi isə niyyətlə işləməyi asanlaşdırır.

5.Tarotdan istifadə etmək üçün xüsusi bir bacarıq tələb olunmur. Hər kəs tarotla işləyə bilər. Kartlar əsasən insanın intuisiya gücünü inkişaf etdirməyə kömək edir və bəzən məntiqin cavab verə bilmədiyi situasiyalarda daxili səsi daha aydın eşitdirir.

Tarot kartları necə açılır?

Fala baxmaq üçün ilk olaraq ağlınızda sualı və ya suallarınızın aid olduğu mövzunu müəyyənləşdirin və kartları qarışdırın. Hazır hiss etdikdə dayanıb kartları seçin. Yeni başlayarkən 3 kartlıq açılımlardan istifadə etmək daha rahatdır. 3 kartlıq – keçmiş, indiki və gələcək zaman tarot açılımı vəziyyətin gedişatı haqqında anlayış əldə etmək üçün istifadə olunan klassik və çox yönlü metoddur. Kartlar soldan sağa düzülür və keçmiş təsirləri, hazırkı enerji və ya çətinlikləri, həmçinin mövcud yol davam edərsə ehtimal olunan gələcək nəticəni göstərir.

Daha gündəlik və sadə açılımlar üçün isə belə suallardan istifadə edə bilərsiniz:
1.Bu günün enerjisi nədir?
2.Bu gün məni nə həyəcanlandıra bilər?
3.Nələrdən uzaq durmalıyam?

Seçim qarşısında qaldıqda:
1.Ürəyim nə deyir?
2.Ağlım nə düşünür?
3.Həqiqətən nəyə ehtiyacım var?

Ən sadə tarot açılımları 3 sualdan ibarət olanlardır və bu tip variasiyaları özünüz də yarada bilərsiniz.

Tək kart tarot açılımı

Tək kartlıq tarot açılımları simvolizmin dərinliyinə görə hər zaman dəqiq nəticə verməyə bilər. Bir sualı tam şəkildə bir kartla cavablandırmaq çətindir. Buna baxmayaraq, yeni başlayanlar üçün bu üsul kartların mənasını daha dərindən anlamaq və onları gündəlik həyata daxil etmək baxımından faydalıdır. Məsələn, “Bu günün enerjisini hansı kart əks etdirir?” sualını verərək bir kart seçə bilərsiniz. Daha sonra həmin kartın mənasını və simvolikasını araşdırın, günün sonunda həmin kartın hansı aspektlərinin gününüzlə uyğunlaşdığını analiz edin. Bu üsul ilə kartların mənasını daha qısa zamanda mənimsəmək mümkündür.

Tarot dünyasına giriş, həm simvolları anlamaq, həm də öz intuisiyanızı inkişaf etdirmək üçün önəmli bir başlanğıcdır. Bu kartlar vasitəsilə insan təkcə gələcək haqqında fikir almır, eyni zamanda öz daxili dünyası ilə daha dərin bir əlaqə qurur. Bu mövzuda hazırlanacaq digər yazıları görmək üçün buraya keçid edin.

Tarot kitabları ilə bağlı tövsiyələrə bu linkdən baxa bilərsiniz.

Bugünkü açılımınızda hansı kart çıxdı? Aşağıda şərhlərdə bizimlə bölüşün.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *